Həmkarlar təşkilatının hesabat - seçki iclası keçirilib
27 fevral 2024-cü il tarixində Mexanika-riyaziyyat fakültəsində Həmkarlar təşkilatının hesabat-seçki iclası keçirilib. İclası giriş sözü ilə açan fakültə dekanı professor Ziyatxan Əliyev hamını salamlayıb, qonaqları - Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəni, BDU HİK-in sədri Rəşad Cabbarovu və BDU HİK-in sədr müavini, məclis üzvü Məcnun Babayevi təqdim etdi. Sonra iclas iştirakçılarını gündəliklə tanış etdi. Gündəliyin təsdiqindən sonra hesabat məruzəsi üçün söz fakültə Həmkarlar təşkilatının sədri dos. H.D. Fəttayevə verildi. O, hesabat dövründə Həmkarlar təşkilatı bürosu tərəfindən görülən işlər barəsində yığıncaq iştirakçılarına məlumat verdi və yeni seçiləcək büro üzvlərinə müvəffəqiyyətlər arzuladı. Məruzə ətrafında fəal çıxışlar oldu. Hesablama riyaziyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, prof. V.R. İbrahimov, Diferensial və inteqral tənliklər kafedrasının professoru N.Ş. İsgəndərov, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrasının müdiri, prof. Ə.M. Əhmədov, Mexanika-riyaziyyat fakültəsinin dekanı, prof. Z.S. Əliyev öz çıxışlarında dos. H.D. Fəttayevin hesabatının hesabat dövrü ərzində fakültə Həmkarlar təşkilatı tərəfindən görülmüş işləri düzgün əks etdirdiyini, ona görə də hesabatın qəbul olunmasını və Həmkarlar təşkilatı bürosunun işinə qənaətbəxş qiymət verilməsini tövsiyə etdilər.
Müzakirələr zamanı ATİAHİ Respublika Komitəsinin sədr müavini M.H.Cəfərzadə çıxış etdi. O, öz çıxışında ATİAHİ Respublika Komitəsinin vəzifə və prinsipləri barəsində iclas iştirakçılarına geniş məlumat verdi və ATİAHİ Respublika Komitəsi tərəfindən görülən bəzi işlərdən bəhs etdi.
Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatı bürosunun hesabatının qəbul olunması və onun işinə qənaətbəxş qiymət verilməsi təklifi səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Fakültə Həmkarlar təşkilatının bürosunun yeni tərkibi ilə bağlı məsələnin müzakirəsi zamanı yığıncaq iştirakçıları yeni tərkibə aşağıdakı əməkdaşları təklif etdilər: Habil Fəttayev, Aydın Əliyev, Misrəddin Sadıqov, Sarvan Hüseynov, Xalid Məmmədov, Tofiq Əsədov, Asim Əkbərov, Raina Yusubova, İradə Ələkbərova. Təklif səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Qeyd edək ki, Mexanika-riyaziyyat fakültəsi Həmkarlar təşkilatının bürosunun yeni tərkibi tərəfindən dosent Habil Fəttayev təşkilata yenidən sədr seçilib.