Beynəlxalq proqram və layihələrdə iştirak

 

Avropa İttifaqının Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən Ali təhsil sahəsində potensialın artırılması layihələri BDU-ya Avropanın müxtəlif universitetləri ilə eyni bir layihədə yer almaq və qarşılıqlı təcrübə mübadiləsi reallaşdırmaq imkanı verir. Ali təhsil sahəsində potensial gücləndirilməsi layihələri ilk növbədə tərəfdaş ölkələrə yönəlir. Sözügedən layihələr Proqram ölkələrindən, həmçinin tələb olunan meyarlara cavab verən Tərəfdaş ölkələrdən olan ATM-in arasında çoxtərəfli tərəfdaşlıqlara əsaslanan transmilli əməkdaşlıq layihələridir. Bu layihələrə ATM olmayan tərəfdaşlar da cəlb oluna bilər.

Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən Ali təhsil sahəsində potensialın artırılması layihələrinin məqsədləri:

  • Ali təhsilin müasirləşdirilməsi, innovasiyası və əlçatanlığını dəstəkləmək;
  • Ali təhsilin keyfiyyətinin, onun əmək bazarının və cəmiyyətin tələblərinə uyğunluğunun artırılması, ali təhsilə çıxış imkanlarının bərabərliyinin təmin edilməsi, tədrisin təşkili və planlaşdırılması, ATM-in ümumi və operativ idarəçiliyi və müəssisələrin beynəlmiləlləşdirilməsi kimi məsələlərin həllini təmin etmək;
  • Yeni və innovativ təhsil proqramları hazırlamaqla səriştə və bacarıq səviyyəsini yaxşılaşdırmaq;
  • Birgə təşəbbüslər və qabaqcıl təcrübələrin bölüşülməsi vasitəsilə dünyanın müxtəlif regionları daxilində və onlar arasında regional inteqrasiya və əməkdaşlığa təkan vermək.
  •  

 Avropa İttifaqının Jean Monnet proqramına daxil olan fəaliyyətlərin məqsədi dünyanın hər yerində Avropa İttifaqı ilə bağlı tədqiqatları dəstəkləmək və inkişaf etdirməkdir. Bu proqram müxtəlif sahələr çərçivəsində geniş spektrli hədəf qruplara (o cümlədən adətən mövzu ilə tanış olmayanlara) ali təhsil səviyyəsində Avrointeqrasiya prosesi üzrə tədris və elmi tədqiqatların aparılmasında qabaqcıl təcrübələri təşviq edir.

Jean Monnet proqramı çərçivəsində layihələrə və müəllimlərə müxtəlif formalarda dəstək göstərilir: brendinq, maliyyə dəstəyi və dünya şəbəkəsinə inteqrasiya. Bu şəbəkə eyni zamanda Avropa İttifaqı ilə bağlı məsələlərin müstəqil və tənqidi analizi üçün vahid resurs bazası təşkil edir.

Sözügedən proqramın məqsədləri aşağıdakılardır:

  • dünyanın hər yerində ixtisaslaşmış tədris mütəxəssisləri, təhsilalanlar və vətəndaşlar arasında Avrointeqrasiya sahəsində təhsili və tədqiqatları təşviq etmək;
  • Avrointeqrasiyanın tədqiqi sahəsində fəal olan assosiasiyaların fəaliyyətlərini dəstəkləmək;
  • Tədris və tədqiqatlarda innovasiyanı təşviq etmək.

Jean Monnet proqramı tədris və tədqiqat istiqaməti üzrə aşağıdakı komponentdən ibarətdir:

  • Jean Monnet modulları:Aİ ilə bağlı tədqiqatlar sahəsində qısamüddətli təhsil proqramları- hər tədris ili üçün ən azı 40 tədris saatı. Modullar Avropaşünaslıqla bağlı bir xüsusi sahəyə yönələ və ya çoxsahəli ola bilər. Qrantların maksimum məbləği üç il üçün 30 min avrodur.
  • Jean Monnet kafedraları:Universitet müəllimləri tərəfindən təqdim edilməklə, hər tədris ili üzrə minimum 90 saatlıq təhsil proqramları. Qrantların maksimum məbləği üç il üçün 50 min avrodur.
  • Jean Monnet Qabaqcıl Təcrübə Mərkəzləri:Bir və ya bir neçə universitet müəlliminə mövcud Jean Monnet kafedrasının rəhbərliyi altında bir və ya bir neçə ali təhsil müəssisəsində çoxsahəli strukturun yaradılması vasitəsilə Aİ mövzuları ilə bağlı kompetensiya, bilik və resurslar üçün əlaqələndirici mərkəz qurmaq imkanı verən bir fəaliyyət. Qrantların maksimum məbləği üç il üçün 100 000 avrodur.

  BDU-nun Erasmus + KA2 proqramı çərçivəsində iştirak etdiyi Ali təhsil sahəsində potensialın artırılması layihələri

 

MAgNUS

Bakı Dövlət Universitetinin (BBU) tərəfdaş kimi iştirak etdiyi, Avropa İttifaqının Erasmus + KA2 Proqramı çərçivəsində maliyyələşdirilən və İsveçin Linköpinq Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” - (Developing Master programmes in Mobile Applications and Game Design at partner universities) 598342-EPP-1-2018-1- SE-EPPKA2-CBHE-JP layihəsi 2018-ci ildən icra olunur. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən sözügedən layihə çərçivəsində Universitetdə “Mobil Tətbiqlər və Oyun Dizaynı” ixtisası üzrə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir standartlara cavab verən laboratoriya qurulub. Artıq fəaliyyətə başlayan laboratoriyanın yaradılmasında məqsəd universitetin informasiya texnologiyaları və yaxın fənlərin tədrisi ilə məşğul olan müəllimlərin, eləcə də BDU-da bu sahədə təhsil alan tələbələrin bilik və bacarıqlarının artırılmasıdır. Bununla yanaşı, Bolonya prinsiplərinə uyğun, olmaq əsas məqsədlərdən biridir.
Sözügedən layihənin məqsədi müasir tələblərə cavab verən “Mobil tətbiqlər və oyun dizaynı” magistr proqramını hazırlamaqla İnformasiya Texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunun artırılmasına dəstək olmaqla yanaşı aşağıda qeyd olunan istiqamətləri də özündə ehtiva edir: 
•    Bolonya müddəalarına uyğun olan Mobil Proqramlar və Oyun Dizaynında yeni disiplinlərarası yüksək keyfiyyətli multimedialı Magistr proqramının hazırlanması;
•    Müəllim heyətinin bacarıqlarını yüksəldilməsi; tələbə laboratoriyalarının qurulması; 
•    İT şirkətlərinin sorğusu vasitəsilə gələcək məzunların əsas səlahiyyətlərini müəyyən edilməsi; 
•    Magistratura proqramlarının modul əsasında hazırlanması; 
•    İngilis dilində kurslar daxil olmaqla, modul və kursların hazırlanması.
 Layihədə BDU ilə yanaşı Derbi Universiteti (Birləşmiş Krallıq), Tomar Politexnik İnstitutu (Portuqaliya), Tallin Universiteti (Estoniya), Cənub Federal Universiteti (RF), Həştərxan Dövlət Universiteti (RF), Voronej Dövlət Universiteti (RF), BDU (Azərbaycan), Bakı Mühəndislik Universiteti (Azərbaycan), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (Azərbaycan) iştirak edir.

 

ITACA

 “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ Təlim Mərkəzi, İTACA” adlı qrant layihəsi İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilitasiyası ilə məşğul olan yeni nəsil 3-cü dərəcə xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, təhsilinin təşkilinə həsr edilib. Eyni zamanda, bu sahədə analiz aparan və çirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni təlim mərkəzinin yaradılması və tədqiqatçı, sənaye səviyyəli post magistrlərin hazırlanması ilə məşğul olan Avropa şəbəkəsi standartlarına uyğun kadrların yetişdirilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində aşağıdakı işlərin icra olunması nəzərdə tutulur:

  • Abşeron yarımadasında və Xəzər dənizində ekoloji problemlərlə məşğul olacaq İnnovativ Tədris Mərkəzinin dizaynı və qurulmasında iştirak edəcək;
  • Ətraf mühitin yaxşılaşdırılması üzrə magistraturadan sonrakı 3-cü dövr (magistraturadan sonra və doktoranturadan əvvəlki dövr üçün nəzəri və empirik təhsil nəzərdə tutulur) bir illik qabaqcıl kursun dizaynı və inkişafı, bu sahədə mövcud fövqəladə halların həlli üçün tətbiq ediləcək yeni texnologiyalar üzrə bilikli mütəxəssislər hazırlanacaq;
  • akademik elm və sənaye sektorları arasında körpü yaradılması baxımından, mövcud yerli ali təhsil sistemində (doktorantdan başqa) bu yeni təhsil növünün - 3-cü dövrün (magistraturadan sonra və doktoranturadan əvvəlki dövr üçün nəzəri və emprik təhsil)   tətbiq olunması məsələlərinə baxılacaq;
  • bu yeni təhsil növünün məqsədəuyğunluğu qiymətləndiriləcək;
  • tələbələrin əmək bazarına daxil olmasına imkanlar yaradılacaq;
  • Azərbaycan şirkətlərində texniki işçilərin keyfiyyətinin artırılmasına və milli, beynəlxalq səviyyədə rəqabət qabiliyyətlərinin artırılmasına köməklik göstəriləcək;
  • problemli təlim və layihə işlərindən ibarət innovativ və daha praktik tədris metodikaları tətbiq ediləcək.
  •  

GEOCLIC

GEOCLIC layihəsinin məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan texnologiyaları üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının əməkdaşları Avropa İttifaqının (Aİ) ERASMUS+ proqramı çərçivəsində “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar” adlı layihədə (619011-EPP-1-2020-1-KZ-EPPKA2-CBHE-JP) iştirak etmiş və tərəfdaş universitetlərdən birinə çevrilmişdir. 2020-2023-cü illərdə icra edilməsi nəzərdə tutulan layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland Krallığının universitetləri tərəfdaş kimi iştirak edəcəklər.

Layihə çərçivəsində BDU-nun Coğrafiya fakültəsində  tələbələrin təlim prosesi məqsədi ilə yeni bir laboratoriyanın təsis edilməsi və onun müasir avadanlıqlarla təmin edilməsi planlaşdırılır. Laboratoriyanın təşkili zamanı müasir aerokosmik və məsafədən zondlama üzrə avadanlıqların (bunlara misal olaraq dronlar, GPS, Çöl tədqiqatı üçün geodezik avadanlıqlar,  3 ölçülü çap qurğusu, 3 ölçülü skaner, müasir proqram təminatları, peyk qəbulediciləri, müasir monitor və kompüterlər) təmin  edilməsi nəzərdə tutulur. 

 

BDU-nun Erasmus+ Jean Monnet fəaliyyətləri çərçivəsində modul səviyyəsində “Green oriented studies in EU” (Avropa Birliyində “Yaşıl Araşdırmalar”) layihəsinin məqsədi müasir dövrün ekoloji və iqtisadi çağırışlarına uyğun olaraq “yaşıl sahə"də əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yeni nəslinin hazırlanmasıdır. Layihə çərçivəsində BDU-nun Kimya və Biologiya fakültələrində 3 “yaşıl” fənn modulunun tətbiqi ilə yeni məzmunda təhsil proqramları hazırlanacaq. Layihə həmçinin Azərbaycan və AB arasında bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə imkan verəcək. Sözügedən layihənin müddəti 36 aydır.

 

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət