Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi, Fizika-riyaziyyat fakültəsinin bazası əsasında yaradılmışdır. 1920-ci il iyulun 9-da Xalq Maarif Komisarlığı Universitetdə Təbiyyat şöbəsini və onun nəzdində Fizika-riyaziyyat fakültəsinin hazırlanması haqqında dekret lahiyəsini qəbul edib, Azərbaycan İnqilab Komitəsinin təsdiqinə verdi. İnqilab komitəsi bu layihəni təsdiq etdi və həmin şöbə tərkibində üçüncü fakültəsi- Fizika-riyaziyyat fakültəsi 1920/21-ci tədris ilində fəaliyyətə başladı. Fakültəninn ilk dekanı 1920-1924-cü illərdə V.F.Razdorski, 1924-cü ilin mayından isə P.İ.Kuznetsov olmuşdur. 1921-ci ildə Fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsi yaradıldı. Həmin il fakültəyə 71 tələbə qəbul oldu. 1921-ci ildə fakültənin iki şöbəsində cəmi 244 tələbə təhsil alırdı. 1923/24-cü tədris tədris ilində Fizika-riyaziyyat fakültəsində 322 tələbə və ya Universitet tələbələrinin 17 faizi oxuyurdu. Fəaliyyətinin ilk illərində Fizika-riyaziyyat fakültəsi həm professor müəllim heyəti, həm də maddi texniki baza baxımından çətinlik çəkirdi. 1921-ci ildən başlayaraq 1930-cu ilədək fakültənin tərkibində Dəqiq riyaziyyat və Tətbiqi riyaziyyat kafedraları fəaliyyət göstərmişdir.
Fizika-riyaziyyat fakültəsində 1921-ci ildən V.V.Boqaçov, P.P.Lukin, L.S.Leybenzon, 1922-ci ildən N.N.İovlev, P.İ.Kuznetsov, V.F.Razdorski, N.A.Smirnov, 1923-cü ildən S.N.Usatı işləmişlər. 1920/21-ci tədris ilində fakültədə 64 tələbə oxuyurdu. Fakültənin ilk buraxılışı 1925-ci ildə oldu. Həmin il fakültəni 29 nəfər, bir il sonra isə 22 nəfər bitirmişdir. 1925-ci ildə riyaziyyat şöbəsini 9 nəfər, 1926-cı ildə isə 11 nəfər bitirdi.
Fizika-riyaziyyat fakültəsində riyaziyyat, fizika və mexanika ixtisasları üzrə elmi-tədqiqat institutları üçün mütəxəsislər və ali məktəb müəllimləri hazırlanırdı. Universitetin bərpasından sonra Fizika-riyaziyyat fakültəsinin dekanı, Yevgeni Borisoviç Lopuxin bu vəzifədə bir ildən az işlədi. Ondan sonra fakültənin dekanı vəzifəsində Məhəmməd bəy Əfəndiyev (1934-1936), professor A.A.Buxştap (1936-1939), dosent Mikayyıl Xıdırzadə (1939-1941) və dosent Əşrəf Hüseynov (1941-1943) işləmişlər.
1936-1937-ci tədris illərində fakültədə Riyazi analiz, Həndəsə, Fizika kafedraları fəaliyyət göstərirdi.
1940-1941-ci tədris ilində Fizika-riyaziyyat fakültəsinin 8 kafedrası var idi:
- Riyazi analiz
- Cəbr və funksiyalar nəzəriyyəsi
- Nəzəri mexanika
- Ümumi fizika
- Molekulyar fizika
- Nəzəri fizika
- Geofizika
- Astronomiya
1941-1945-ci illərdə Universitet müharibə dövrünün qanunları ilə yaşamasına baxmayaraq, çətinliklə də olsa elmi potensialınının bir hissəsini qoruyub saxladı. Universitetdə ilk açıq mühazirə 1949-cu ildə Fizika - riyaziyyat fakültəsinin II kursunda Həndəsə kafedrasının müdiri dosent Maqsud Cavadov tərəfindən oxunmuşdur.
1958-ci ilə qədər birgə fəaliyyət gösdərən Fizika-riyaziyyat fakültəsi 1958-1959-cu tədris ilində iki müstəqil (Mexanika-riyaziyyat və Fizika) fakültə kimi fəaliyyətə başladı.
Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində 1958-1965-ci illlərdə professor Əşrəf Hüseynov, 1965-1969-cu illərdə dosent Ələddin Mahmudov işləmişdir. Həmin illərdə Mexanika-riyaziyyat fakültəsində yeddi kafedra fəaliyyət göstərmişdir. 1960-cı illərdə Məcid Rəsulov və Qoşqar Əhmədovun, 1961-1969-cu illərdə R.Məmmədov, Y.Məmmədov, A.Babayev, A.Cəfərov və basqalarının namizədlik dissertasiyası müdafiə etmələri riyaziyyat və mexanika elmlərinin uğurlu gələcəyindən xəbər verirdi.
1979-cu ildə Mexanika-riyaziyyat fakültəsində 7 kafedra var idi. Mexanika-riyaziyyat fakültəsinin dekanı 1969-1970-ci illərdə professor Mirabbas Qasımov, 1970-1972ci illərdə Azərbaycan EA-nın müxbir üzvü Qoşqar Əhmədov, 1972-1975-ci illərdə dosent Qəmbər Namazov, 1975-1978-ci illərdə dosent Rüstəm Sultanov, 1978-1994-cü illərdə Azərbaycan EA-nın müxbir üzvü Arif Babayev çalışmışdır.
Azərbaycanda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra digər sahələrdə olduğu kimi ali təhsil sahələrində də əsasli dəyişikliklər baş verdi. Həmin yeniliklərdən biri Azərbaycanlı gənclərin xaricdə təhsil alması idi.
80-ci illərdə Mexanika-riyaziyyat fakültəsinin dekanı Azərbaycan EA-nın müxbir üzvü, professor Arif Babayev olmuşdur. Fakültəyə 1999-2007-ci illərdə professor Qəmbər Namazov, 2008-ci ildə professor Nizaməddin İgəndərov rəhbərlik edirdi.
Hazırda fakültə dekanı professor Ziyatxan Əliyevdir. Müxtəlif vaxtlarda fakültədə işləmiş tanınmış alimlərdən A.A.Buxştab, akademik L.S. Leybenzon, Y.B.Lopatinski, A.S.Kovanko, E.İ.Yelkin, B.A.Rozenfeld, V.A.Tartakovski, görkəmli Azərbaycan alimlərindən, akademiklər – Mikayıl Xıdırzadə,Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, Azad Mirzəcanzadə, Məmmədbəy Əfəndiyev, Mirabbas Qasımov, Cəlal Allahverdiyev, Fərəməz Maqsudov, Akif Hacıyev, müxbir üzvlər – Maqsud Cavadov, Yusif Əmənzadə, Qoşqar Əhmədov, Arif Babayev, Yəhya Məmmədov və başqaları fakültənin formalaşmasında, onun elmi potensialının artırılmasında və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında mühüm rol oynamışlar. Mexanika-riyaziyyat fakültəsi respublikada riyaziyyat elminin inkişafında xüsusi yer tutur. Fakültədə tədris azərbaycan, ingilis və rus dillərində olmaqla əyani və qiyabi formada aparılır. Hal-hazırda mexanika-riyaziyyat fakültəsində 950 bakalavr və 78 magistr təhsil alır.
Fakültənin əsas elmi tədqiqat istiqamətləri: sinqulyar inteqral tənliklər nəzəriyyəsi, xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsi, operatorlarin spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri, optimal idarəetmə nəzəriyyəsi, funksional fəzaların daxilolma nəzəriyyəsi, tənliklərin təqribi həll üsulları, cəbr, həndəsə və topologiyanın aktual problemləri, elastiklik və plastiklik nəzəriyyəsinin müasir problemləri, qaz və maye dinamikası, aeromexanika. Fakültədə 9 kafedra, 3 tədris laboratoriyası fəaliyyət göstərir.