FÜZULİ ŞƏHƏRİ GÜNÜ
17 oktyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə "Füzuli Şəhəri Günü" adlı tədbir keçirilmişdir. Tədbir, fakültənin THİK sədri Teymurova Nuranənin aparıcılığı ilə açıq elan olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Fakültənin "Sosial məsələlər və tələbələrlə iş" üzrə dekan müavini Əhmədov Etibar isə Füzuli şəhərinin tarixi və onun işğaldan sonra yenidən qurulması barədə məlumat verərək, şəhərin bu günkü inkişafından danışmışdır. O, həmçinin fakültənin şəhid məzunu Manaf Bəhmənlinin tələbəlik illərindən bəhs edərək, onun yaddaşlarda necə dərin izlər buraxdığını qeyd etmişdir.
Tədbir çərçivəsində II kurs tələbəsi İbrahimova Elnarə Mexanika-Riyaziyyat fakültəsinin şəhid məzunu Manaf Bəhmənli haqqında geniş çıxış edərək, onun qəhrəmanlıq dolu həyat yolunu tədbir iştirakçılarına çatdırmışdır. Şəhid məzun Hüseynov Bəhruzun bacısı, III kurs tələbəsi Hüseynova Günel də qardaşı haqqında danışaraq, onun vətənpərvərliyindən və göstərdiyi qəhrəmanlıqdan bəhs etmişdir.
Daha sonra Füzuli rayonundan olan və müharibə dövrünü şəxsən yaşayan II kurs tələbəsi Həzizadə Şəkər, müharibə zamanı yaşadığı təəssüratları tədbir iştirakçıları ilə bölüşərək, doğma torpaqların azad olunmasının onda yaratdığı duyğular haqqında danışmışdır.
Tədbir, fakültənin "Lin-Orph" musiqi klubunun ifasında səsləndirilən "Cənab Leytenant" mahnısı ilə davam etmişdir. Sonda tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir, bu da tədbirə xüsusi təsir qatmışdır.
Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini dərin hörmət və minnətlə anmış, Vətən uğrunda canını fəda edən qəhrəmanların əziz xatirəsini bir daha yad etmişlər.