"Dirixle məsələsi" seminarı
14 fevral 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, aparıcı elmi işçi, f.r.e.n. Əbdürrəhim Fərman oğlu Quliyev “İstilikkeçirmə tənliyi üçün Dirixle məsələsinə nəzərən sərhəd nöqtəsinin müxtəlif terminlərdə requlyarlıq meyarları” mövzusunda məruzə etdi.
Məruzədə ilk öncə Laplas və istilikkeçirmə tənliyi üçün requlyar nöqtənin tərifi verildi, requlyarlıq haqqında Viner və Petrovskinin kriteriyaları haqqında danışıldı. Bildirildi ki, elleptiklik halında fundamental həllin iki tərəfli qiymətləndirməsindən istifadə edərək Viner kriteriyasını dəyişən əmsallı elliptik tənliklərə də keçirmək olar, amma paraboliklik halında müəyyən çətinliklər ortaya çıxır. Sonra istilikkeçirmə tənliyi üçün Dirixle məsələsinə nəzərən sərhəd nöqtəsinin requlyarlığının həm potensial, həm də tutum terminlərində və zaman oxuna nəzərən fırlanmada simmetrik oblastlar üçün Petrovski tip integral meyarları haqqında danışıldı.