"Bütöv mühitlərin modelləri" mövzusunda seminar keçirildi
Bütöv mühit mexanikasının fundamental əsasları olan Maye, qaz və plazma mexanikasının (MQPM) və Deformasiya olunan bərk cisim mexanikasının (DBCM) müasir məsələləri əsasən fiziki və həndəsi qeyri -xətti olurlar. Bu qeyri-xəttilərin forması ilk növbədə gərginlik və deformasiya (DBCM) və gərginlik-deformasiya sürəti (MQPM) ikincisi isə deformasiya və yerdəyişmə arasında olur. Qeyri -xətti məsələlər sırasına həmçinin deformasiyalanmada cisimlərin formasının dəyişməsinə aid məsələləri də daxil edilir.
Müasir dövrdə gərginlik deformasiya (DBCM) və gərginlik-deformasiya sürəti (MQPM) arasındakı, qeyri -xətti riyazi asılılıqların çoxsaylı formaları mövcüddurlar.Bir qayda olaraq bu asılılıqların qurulması aşkar və qeyri-aşkar şəkildə gərginlik-deformasiya və gərginlik-deformasiya sürəti arasında qeyri-xətti riyazi operatorların sıraya ayrılması və bu sırada birinci həddin seçilməsi ilə alınır. Daha sonra alınmış birinci həddlər (DBCM və MQPM üçün fərqli olmaqla) müxtəlif üsullarla sadələşdirilir, nəticədə təyin edici münasibətlərin çoxsaylı formaları əmələ gəlir.
Deyilənlərlə əlaqədar yaranan əsas məsələlərdən (problemlərdən) biri təyinedici münasibətlərin (hal tənlikləri və ya bütöv mühitin konstitusiyası) ümumi əsaslarda təsnifatı (klassifikasiyası) və limit vəziyyəti nəzəriyyələrinin yaradılmasıdır.
Seminarda bütöv mühit mexanikasında mühitlərin modellərinin verilməsinin nəzəri-eksperimental əsaslarına klassik modellər üzərindən bir baxış sərgilənir. Termomexaniki proseslərin cisim və mühitlərdə baş verməsi (cisimlər,konstruksiyalar, qurğular, təbii yaranışlar,bioloji strukturlarda qarşılıqlı təsirlərdə və həm də müxtəlif təbiətli xarici fiziki meydanlarla cazibə, istilik seli, elektromaqnit meydan, şüalanma) qarşılıqlı münasibətlərdə yaranan halları əhatə edir.
Tədqiqat metodu fiziki (proses və hadisə) modelinin qurulması və ona münasib riyazi modelin verilməsi və nəhayət, müasir riyaziyyat və hesablama texnikasının köməyi ilə tədqiqatının aparılmasından ibarət olur.