“Birtərtibli xətti hiperbolik tənliklər sistemi üçün bütün oxda və yarımoxda düz və tərs səpilmə məsələləri” mövzusunda seminar
14 mart 2023-cü il saat 10:15-də Mexanika-riyaziyyat fakültəsində 506-cı auditoriyada elmi seminar keçirildi. Seminarda Diferensial və İnteqral tənliklər kafedrasının professoru, f.r.e.d., Nizaməddin Şirin oğlu İsgəndərov “Birtərtibli xətti hiperbolik tənliklər sistemi üçün bütün oxda və yarımoxda düz və tərs səpilmə məsələləri” mövzusunda məruzə etdi.
Məruzədə hiperbolik tənliklər sistemi üçün bütün oxda və yarımoxda səpilmə məsələsinin qoyuluşu haqqında, tərs səpilmə məsələlərinin həlli üsulları haqqında məlumat verildi. Bildirildi ki, bu tip məsələlər müəyyən sinif qeyri-xətti tənliklərin inteqrallanmasında mühüm rol oynayır. Burada həmçinin baxılan sistemin stasionar analoqları üçün də düz və tərs səpilmə məsələləri müzakirə olundu Model olaraq bir gələn, bir qayıdan dalğa halında işin fiziki mahiyyəti açıqlandı və qayıdan dalğaların asimptotikasından asılı tərs məsələnin necə olunması ətraflı izah olundu. Son zamanlarda alınmış nəticələrlə bağlı məlumatlar veriləcək.