"8 Noyabr - Zəfər Günü" münasibətilə tədbir keçirilib
Mexanika-Riyaziyyat könüllülərinin, TGT və THİK'lə birgə təşkil etdiyi "8 Noyabr-Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, canlarını ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Mexanika-riyaziyyat fakültəsinin dekanı qeyd edib ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı ilə tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatıb.
Daha sonra çıxış edən dekan müavini Etibar Əhmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 il erməni əsarətində olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaradıb. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq olduğunu sübuta yetirib. Dekan müavini vurğulayıb ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır.
Birinci Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirkaçısı Nazim Quliyev Vətən müharibəsi və antiterror əməliyyatları haqqında geniş məruzə ilə çıxış edib. Nazim Quliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından bəhs edib.
Vətən müharibəsinin iştirkaçıları Hicran Həmzəyev, fakültənin müəllimi Fərid Əsədov, məzunu Mirvahid Ağayev çıxışlarında müharibə təəsüratlarından geniş çıxış edib, fikirlərini bölüşüblər. Tədbirdə "BDU Könüllüləri"nin Mexanika-Riyaziyyat fakültəsi üzrə könüllülərinin sədri Nuray Cəfərova, THİK sədri Murad Muradov və TGT sədri Fidan İbişova iştirak edib.
Fakültənin tələbələri Qureyş Qədirli və Gülçin Salmanovanın çıxışı ilə tədbir yekunlaşıb. Sonda iştirak edən hər şəxsə təşəkkür bildirildi və xatirə fotoları çəkildi.