Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur.
1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.[1][2][3]
Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır.[4]
Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.
Hətəm Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə dünyanın aparıcı neft şirkətlərinin və bir sıra respublika təşkilatlarının sifarişi ilə mühüm elmi-texniki layihələr həyata keçirilib. Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələgəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi və bir sıra digər istiqamətlər üzrə mühüm işlər daxildir.[4]
Onun əsas elmi nəticələrinə Yerin təkamülünün qeyri-dayanıqsızlıq konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xəttiləşdirilmiş yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, Yer təkində mühitin sıxlığının dərinlik üzrə paylanmasının tam qeyri-xətti məsələsinin dəqiq həlli, bu həllin müxtəlif süxurlar üçün dayanıqsız olduğunun isbatı, sıxlıqdan asılı olaraq deformasiya proseslərinin və faza keçidlərinin baş vermə ardıcıllıqları probleminin həlli, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması, Yer təkini təşkil edən süxurların dağılmasının dayanıqsızlıq konsepsiyası, quyu ətrafında, geoloji kəsilişin üst qatlarında və daxili strukturasında dayanıqlıq vəziyyətinin itirilməsinin üçölçülü riyazi nəzəriyyəsi, deformasiyaya uğrayan bərk cismlərin dayanıqlığı, möhkəmliyi, dinamikası və dağılması mexanikası üzrə qeyri-xətti məsələlərin həlli və bir sıra digər elmi istiqamətlər üzrə mühüm işlər daxildir