MAHMUDOV ƏLƏDDİN PİRQASIM OĞLU

MAHMUDOV ƏLƏDDİN PİRQASIM OĞLU

MAHMUDOV ƏLƏDDİN PİRQASIM OĞLU

Riyazi analiz kafedrasının professoru

Professor Ələddin Pirqasım oğlu Mahmudov Azərbaycan riyaziyyat elminin və məktəbinin tanınmış nümayəndələrindən biridir. Fizika-riyaziyyat elmləri doktoru Ə. P. Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru olmuşdur. O, qeyri-xətti analizin bəzi məsələləri və operatorların spektral nəzəriyyəsi üzrə respublikamızın ən tanınmış mütəxəssislərindən biri sayılır.

Ələddin Mahmudov 11 avqust 1934-cü il Gürcüstan Respublikasının Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1959-cu ildə oranı bitirdikdən sonra ADU-nun aspiranturasında təhsilini davam etdirmişdir. Ə.Mahmudov 1963-cü ildə  Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Qoşqar Əhmədovun rəhbərliyi altında “Hammerşteyn tipli qeyri-xətti inteqral tənliklər sisteminin həlli barədə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə M.V. Lomonosov adına  Moskva  Dövlət Universitetində “Qeyri-xətti tənliklərin məxsusi elementlərinin tamlığı haqqında” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır.  1987-ci ildə isə ona çalışdığı Riyazi analiz kafedrasının professoru elmi adı verilmişdir. Professor Ə.Mahmudov ömrünün sonuna qədər, yəni 1997-ci ilədək bu kafedrada çalışmışdır.

O, 1994-cü ildə nüfuzlu Amerika Riyaziyyatçılar Cəmiyyətinin üzvü, 1995-ci ildə isə Nyu York Akademiyasının həqiqi üzvü seçilmişdir.Professor Ələddin Mahmudov 70-ə yaxın elmi işin, (o sıradan da iki monoqrafiyanın) müəllifi olmuşdur. Bu əsərlərdən 40-na təkbaşına müəlliflik etmişdir. 20 məqalə isə respublikanın hüdudlarından kənarda dərc olunmuşdur. Keçmiş Sovetlər İttifaqının nüfuzlu elmi nəşrlərində, o cümlədən də SSRİ Elmlər Akademisyasının “Xəbərlər”ində, “Ümumittifaq differensial tənliklər”, “Ukrayna – riyaziyyat” jurnallarında, habelə Rumıniya, Amerika Birləşmiş Ştatları, Almaniya və İranda çap olunmuş elmi məqalələri ona böyük şöhrət qazandırmışdır. Ə.Mahmudovun SSRİ Elmlər Akademiyasının “Məruzələri”, “Differensial Tənliklər”, “Ukrayna-riyaziyyat” jurnalı, “Ali Məktəblərin “Xəbərləri” , “Riyaziyyat” jurnallarında dərc edilən bütün əsərləri Amerika Birləşmiş Ştatlarının riyaziyyat üzrə nəşrlərində yenidən dərc olunmuşdur.Professor Ələddin Mahmudovun Azərbaycan riyaziyyat elmi və ali təhsili sahəsində xidmətləri həmkarları və keçmiş tələbələri tərəfindən hər zaman yüksək qiymətləndirilmiş və qiymətləndirilməkdədir.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət