HACIYEV AKİF CƏFƏR OĞLU

HACIYEV AKİF CƏFƏR OĞLU

HACIYEV AKİF CƏFƏR OĞLU

Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri

Akademik Akif Cəfər oğlu Hacıyev 1960-cı ildə Azərbaycan Dövlət Universite­tinin Mexanika-riyaziyyat fakültəsini bitirərək, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir.

1978-ci ildən A.C. Hacıyev Riyaziyyat və Mexanika İnstitutunda yeni açılmış “Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır. 1985-1989-cu illərdə Ali Attestasiya Komissiyasının qərarına əsasən Tbilisi Dövlət Universitetinin nəzdində regional doktorluq şurasının üzvü təyin olunmuşdur. 1989-cu ildə A.C. Hacıyev Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Akademik Akif Hacıyev sfera üzərində Nikolski-Besov ümumiləşmiş fəza­larını qurmuş, onlar üçün daxilolma teoremlərini isbat etmişdir. O, çoxölçülü sinqulyar inteqralların simvollarının hamarlıq nəzəriyyəsini yarat­mış, onun Furye multiplikatorları nəzəriyyəsində tətbiqini öyrənmişdir. A.C. Hacıyev çoxdəyişənli tam funksiyaların indikator diaqramları vasitəsilə Bernşteyn və Nikolski tipli bərabərsizlikləri isbat etmişdir. Harmonik analiz sahəsində onun və əməkdaşları tərəfindən Folland-Steyn tipli bircins qruplarda hamar banaxqimətli Besov-Nikolski fəzasında düz və tərs daxilolma teoremləri isbat edilmiş, Morri fəzalarında sinqulyar inteqralların və potensial­ların xassələri tədqiq olunmuş, maksimal funksiyalar öyrənilmiş, onların tətbiqi verilmişdir.

1999-cu ilin yanvar ayından A.C. Hacıyev Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir. 2001-ci ildə A.C. Hacıyev Azərbaycan EA-nın həqiqi üzvü və Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi­nin akademik-katibi seçilmişdir. O, 2004-cü ildə Riyaziyyat və Mexanika İnstitutu­nun direktoru seçilmiş və ictimai əsaslarla bu vəzifənidə yerinə yetirir.

Akademik Akif Hacıyev 90-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 25 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Fərmanları ilə akademik A.C. Hacıyev 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2005-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Əlaqə
Bakı Dövlət Universiteti 3 saylı bina 5-ci mərtəbə 509-cu otaq,Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 439 08 58 / 439 05 17 [email protected] Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət