Kafedra 1939-cu ildə yaranmış və akademik Ə.İ.Hüseynov həmin ildən 1965-ci ilə kimi bu kafedraya rəhbərlik etmişdir.1965–1992-ci illərdə prof Ə.Ş Həbibzadə, 1992–1996-cü illərdə isə kafedra müdiri vəzifəsini professor O.Ə.Vəliyev icra etmişdir. 1996-cü ildən isə kafedraya professor Ə.M.Əhmədov rəhbərlik edir. Kafedrada bakalavr təhsili üzrə həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi, funksional analiz, kompleks dəyişənli funksiyalar nəzəriyyəsi və bu fənlərlə əlaqəli ixtisas fənləri tədris olunur. Magistratura pilləsində operatorların spektral nəzəriyyəsi, kompleks analiz və tətbiqləri və operator-diferensial tənliklər adlı əsas fənlər və Banax fəzasında xətti tənliklər, ümumiləşmiş funksiyalar və funksional fəzalar adlı seçmə fənlər tədris olunur. Kafedra dünyanın tanınmış universitetləri və elmi mərkəzləri (ABŞ, Fransa, Almaniya, Rusiya, Hindistan, Çin, Turkiyə, İran və s.) ilə əlaqə saxlayır. Kafedra əməkdaşları xətti operatorların spektral nəzəriyyəsi, operator əmsallı diferensial tənliklər nəzəriyyəsi və funksiyaların yaxınlaşma nəzəriyyəsi üzrə mühüm nəticələr almışlar. Bu nəticələr yuksək səviyyəli elmi jurnallarda nəşr olunmuşlar. Kafedrada yüzlərlə elmi məqalə, onlarla monoqrafiya, dərslik, dərs vəsaiti və tədris olunan fənlər üzrə metodiki göstərişlər yazılmışdır.